“Korrupsiyaya yol aça bilən davranışlar və antikorrupsiya” mövzusunda seminar keçirilib

Baxış sayı : 104

     Aprelin 24-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində “Korrupsiyaya yol aça bilən davranışlar və antikorrupsiya” mövzusunda maarifləndirici seminar təşkil olunub.

     Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının direktoru Şahin Əliyarov seminarın əhəmiyyətini vurğulayaraq bildirib ki, korrupsiyaya qarşı mübarizə hər bir əməkdaşın məsuliyyətidir və bu istiqamətdə maarifləndirmə tədbirləri xüsusi önəm daşıyır.

     Seminar idarənin əməkdaşı Rəvan Zeynalov tərəfindən təqdim edilib. Tədbirin keçirilməsində əsas məqsəd əməkdaşlar arasında şəffaflıq prinsiplərinin möhkəmləndirilməsi, etik davranış normalarına riayət olunmasının təşviqi və korrupsiyaya qarşı həssaslığın artırılması olub.

     Seminar zamanı korrupsiya anlayışı geniş şəkildə izah edilib, onun hüquqi mahiyyəti və törətdiyi mənfi nəticələr əməkdaşların diqqətinə çatdırılıb. Eyni zamanda, korrupsiya hüquqpozmalarının növləri, bu hallara səbəb olan amillər və risk yaradan şərait barədə ətraflı məlumat verilib.

     Bundan əlavə, korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, qabaqlayıcı mexanizmlər və hüquqi çərçivə barədə danışılıb, belə halların qarşısının alınması yolları izah olunub.

     Seminar interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.