Aprelin 24-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin “Tarix” ixtisası üzrə IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində keçdikləri istehsalat təcrübəsinin yekunlarına həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov giriş sözü ilə çıxış edərək bu cür təcrübələrin tələbələrin nəzəri biliklərinin real iş mühitində tətbiq edilməsi baxımından və onların peşəkar inkişafında mühüm rol oynadığından bəhs edib, belə təşəbbüslərin vacibliyini vurğulayaraq tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov çıxış edib, təcrübə müddətində yaradılan əlverişli şəraitə, öyrədici mühitə, göstərilən diqqət və dəstəyə görə müəssisə rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürünü bildirib.
Tədbirin davamında Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin əməkdaşları Zülfiyə İsmayılova, Hində Tağızadə və Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin “Tarix” ixtisası üzrə IV kurs tələbəsi, eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin əməkdaşı Rəfael Sadiqovun Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin təşəkkülü və inkişaf tarixi, arxiv sənədlərinin əhəmiyyəti və tələbələrin bu sahədə iştirakı, istehsalat təcrübəsinin tələbələrin peşəkar inkişafında rolu haqda məruzələri dinlənilib.
Daha sonra idarə rəhbərliyi tərəfindən tələbələrə xasiyyətnamələr təqdim edilib.
Tədbir xatirə fotoları ilə sona çatıb.